Bakı 2026-cı ilin “Dünyanın İdman Paytaxtı” elan olunub

Bakı şəhərinin 2026-cı il üçün “Dünyanın İdman Paytaxtı” elan olunması münasibətilə dekabrın 16-da Bakı Şəhər İcra Hakimiyyətində “Dünya İdman Paytaxtları” xatirə lövhəsinin rəsmi təqdimetmə mərasimi keçirilib.
İdman ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi tədbirdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, gənclər və idman naziri Fərid Qayıbov, Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyasının (ACES) prezidenti Can Fransisko Lupattelli, ACES-in baş katibi Huqo Alonso və Monako Knyazlığının sabiq təhsil, gənclər və idman naziri İzabel Bonnal çıxış ediblər.
Sonra “Dünya İdman Paytaxtı” titulu rəsmi olaraq 2025-ci il üçün “Dünyanın İdman Paytaxtı” olan Monakodan Bakıya təhvil verilib.
Qeyd edək ki, “İdman Paytaxtı” layihəsi ACES Brüsseldə yerləşən qeyri-kommersiya assosiasiyasıdır və hər il müxtəlif qitələrdən şəhərlərə “İdman Paytaxtı” və digər idman sahəsi üzrə mükafatlar təqdim edir. Bu titul və mükafatlar etik prinsiplər əsasında verilir və cəmiyyətin sosial inteqrasiyası, psixofiziki rifahı və həyat keyfiyyətinin yüksəldilməsinə xidmət edir. ACES həmçinin Avropa Komissiyasının Avropa İdman Həftəsinin və UNESCO-nun tərəfdaşıdır.